Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması, eləcə də Dövlət Qulluğu Məsələləri üzrə və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ləğvi haqqında Fərman imzalayıb.
Azərbaycan
Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin nizamnaməsini
təqdim edirik:
1.
Ümumi müddəalar
1.1. Azərbaycan
Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra – Mərkəz) dövlət qulluğu
üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı
olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun həyata
keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki
şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir.
1.2. Mərkəz öz
fəaliyyətində müstəqildir və Azərbaycan Respublikasının Konstitusiyasını,
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan
Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və
sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və
sərəncamlarını və bu Nizamnaməni rəhbər tutur.
1.3. Mərkəz öz
vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli
özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları, digər
hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.4. Mərkəzin
müstəqil balansı, banklarda hesablaşma və digər hesabları, üzərində öz adı həkk
olunmuş möhürü, ştampları və blankları, loqotipi (emblemi) vardır.
1.5. Mərkəz Bakı
şəhərində yerləşir.
2.
Mərkəzin vəzifələri
2.1. Mərkəzin əsas
vəzifələri aşağıdakılardır:
2.1.1. “Dövlət
qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, mərkəzləşdirilmiş
qaydada vətəndaşların dövlət qulluğuna qəbulunun müsabiqə əsasında həyata
keçirilməsini təşkil edir və onun şəffaflığını təmin edir;
2.1.2. ümumi təhsil
pilləsində təhsilalanların yekun qiymətləndirilməsini (attestasiyasını), orta
ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin
bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura)
səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə
mərkəzləşdirilmiş qaydada tələbə qəbulunu həyata keçirir.
2.1.3. orta ixtisas
təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və
magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə
ixtisaslar üzrə qəbul imtahanları keçirilən fənləri və keçid ballarını, o
cümlədən ümumi təhsil müəssisələrində buraxılış imtahanları keçirilən fənləri
Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırmaqla, müəyyən edir;
2.1.4. Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən Azərbaycan Respublikası
vətəndaşlarının xarici dövlətlərin ali təhsil müəssisələrinə, əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ali təhsil
müəssisələrinə tələbə qəbulunu həyata keçirir;
2.1.5. öz
fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının
yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai
informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yeniləşdirilməsini
təmin edir;
2.1.6. yekun
qiymətləndirmənin (attestasiyanın) təşkili məqsədi ilə ümumi təhsil
müəssisələrinin V-XI sinif şagirdləri arasında monitorinq imtahanlarını
keçirir;
2.1.7. imtahan
fənləri üzrə qəbul proqramlarını hazırlayır və Azərbaycan Respublikasının
Təhsil Nazirliyi ilə razılaşdırmaqla, təsdiq edir;
2.1.8.
ölçmə-qiymətləndirmə materiallarının nümunələrini rəy bildirmək üçün Azərbaycan
Respublikasının Təhsil Nazirliyinə təqdim edir;
2.1.9. təhsil
müəssisələrinin qəbul göstəricilərini və ixtisasları elan edir, sənədlərin
qəbulu və imtahanların keçirilməsi haqqında qərarlar qəbul edir, sənədlərin
qəbulunu təşkil edir;
2.1.10. tələbə
qəbulu kampaniyası ilə bağlı bütün təşkilati və metodik işləri aparır, proqram
və texniki təminatı layihələndirir və tətbiq edir, bu məqsədlə müxtəlif daimi
və müvəqqəti qurumlar yaradır;
2.1.11.
abituriyentlərin biliyinin qiymətləndirilməsini həyata keçirir;
2.1.12. Azərbaycan
Respublikasının Prezidentinə tələbə qəbulu ilə bağlı vaxtaşırı məlumat və
hesabatlar təqdim edir;
2.1.13. qəbul
kampaniyasının keçirildiyi müddətdə müxtəlif bölgələrdə sənəd qəbulu
komissiyaları yaradır və onların fəaliyyətinə nəzarət edir;
2.1.14.
abituriyentlər, təhsil müəssisələri, təşkilatlar, onların vəzifəli şəxsləri və
digər şəxslər tərəfindən qəbul kampaniyası zamanı yol verilmiş pozuntu halları
barədə səlahiyyətli dövlət orqanlarına məlumat verir;
2.1.15. müasir
informasiya texnologiyaları tətbiq etməklə, tələbələr və magistrlər haqqında
informasiya resurslarını formalaşdırır və onların analitik təhlilini aparır;
2.1.16. ümumi
təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə
edilən bütün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin
Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi əsasında elmi-metodik
monitorinqini həyata keçirir;
2.1.17. Mərkəzin
fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxır və müvafiq tədbirlər
görür.
3.
Mərkəzin hüquqları
3.1. Mərkəz öz
vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
3.1.1. “Normativ
hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun
olaraq, fəaliyyət istiqamətləri üzrə normativ və qeyri-normativ hüquqi aktların
layihələrini hazırlamaq və təqdim etmək və ya onların hazırlanmasında iştirak
etmək;
3.1.2. dövlət və
yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə öz fəaliyyət
istiqamətlərinə aid məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan
məlumatlar (sənədlər) almaq;
3.1.3. dövlət
orqanlarından vakant olan dövlət qulluğu vəzifələrinin siyahılarını tələb
etmək;
3.1.4. müqavilə
əsasında ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;
3.1.5. imtahanların
keçirilməsi ilə bağlı xüsusi halların araşdırılması üçün müvəqqəti komissiyalar
yaratmaq;
3.1.6. konfranslar,
müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;
3.1.7. qəbul
imtahanlarının yekunlarına dair elmi-statistik təhlil aparmaq və nəticələrini
Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Təhsil
Nazirliyinə təqdim etmək;
3.1.8. müxtəlif
qurumların (şəxslərin) müraciəti əsasında tələb olunan sahədə şəxsin bilik
səviyyəsini qiymətləndirmək;
3.1.9. test
bankının formalaşdırılması, elmi-metodik və proqram təminatının yaradılması və
təkmilləşdirilməsi məqsədi ilə işçi qruplar, ekspert şuraları və elmi-metodik
seminarlar təşkil etmək;
3.1.10.
abituriyentlərin test üsulu ilə imtahanlara hazırlaşmasına kömək məqsədi ilə
ödənişli əsaslarla sınaq imtahanları keçirmək və müqavilə əsasında hazırlıq
kursları təşkil etmək;
3.1.11. test
imtahanlarının məzmunu və mahiyyəti haqqında müxtəlif metodik vəsaitlər və test
topluları hazırlamaq, bu materialları təqdim etmək və ya dərc etmək;
3.1.12. yaradılmış
test bankının mütəmadi təftişini aparmaq;
3.1.13. həyata
keçirilən tədbirlərlə bağlı ictimaiyyətin məlumatlandırılması, abituriyentlərə
metodik materialların çatdırılması üçün özünün mətbu orqanını təsis etmək,
jurnal, bülleten və digər nəşrlər dərc etmək;
3.1.14. Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq
beynəlxalq təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə, o cümlədən
beynəlxalq imtahanları keçirən təşkilatlarla əməkdaşlıq etmək, beynəlxalq
imtahanların Azərbaycan Respublikasında keçirilməsini təmin etmək.
4.
Mərkəzin idarə olunması
4.1. Mərkəzi
Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən
azad edilən sədr, 2 sədr müavini və ictimai əsaslarla fəaliyyət göstərən 4
nəfər üzvdən ibarət tərkibdə Direktorlar Şurası (bundan sonra – Şura) idarə
edir.
4.2. Şuranın
iclasları ayda bir dəfədən az olmayaraq keçirilir. Şuranın növbədənkənar
iclasları Şura üzvlərinin yarıdan çoxunun və ya Şura sədrinin təşəbbüsü ilə
keçirilir.
4.3. Şuranın
iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli sayılır. Şuranın
qərarları Şura üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir
səs hüququna malikdir. Səslər bərabər olduqda, Şura sədrinin səsi həlledici
sayılır. Şuranın qərarları Şura sədri tərəfindən imzalanır.
4.4. Şuranın
səlahiyyətləri aşağıdakılardır:
4.4.1. Mərkəzin
fəaliyyətinin əsas istiqamətlərini və inkişaf strategiyasını müəyyənləşdirmək;
4.4.2. Mərkəzin
fəaliyyətinin kompleks və ayrı-ayrı sahələrinin yoxlanılması barədə qərar qəbul
etmək;
4.4.3. Mərkəzin
strateji inkişaf istiqamətlərinə dair təkliflər vermək;
4.4.4. Mərkəzə
əlavə maliyyə vəsaitinin cəlb olunmasına və onun maddi-texniki bazasının
təkmilləşdirilməsinə dair təkliflər vermək;
4.4.5. Mərkəzin
maliyyə fondunda toplanmış vəsaitin sərmayə kimi yatırılması və əlavə gəlir
əldə edilməsi ilə bağlı təkliflər vermək;
4.4.6. Mərkəzin
illik büdcəsinə və onun icrasına nəzarət etmək;
4.4.7. Mərkəzin
fəaliyyəti, əmlakından istifadə barədə qərar qəbul etmək;
4.4.8. Mərkəzin
illik audit nəticələrinə dair təkliflər vermək;
4.4.9. dövlət
qulluğu üçün kadrların seçilməsi, ali və orta ixtisas təhsili müəssisələrinə
tələbə qəbulunun həyata keçirilməsi sahəsində qabaqcıl təcrübənin tətbiqi ilə
bağlı təşəbbüslər irəli sürmək;
4.4.10. Mərkəzin
vəsaitinin formalaşmasına və xərclənməsinə ümumi nəzarəti həyata keçirmək;
4.4.11. Mərkəzin
struktur bölmələrinin fəaliyyətini tənzimləyən əsasnamələri və Mərkəzin daxili
intizam qaydalarını qəbul etmək.
4.5. Şura
üzvlərinin aşağıdakı hüquqları vardır:
4.5.1. Şuranın
səlahiyyətlərinə aid məsələlərin həllində iştirak etmək;
4.5.2. Şuranın
iclasının gündəliyi və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən
tanış olmaq;
4.5.3. Şurada qəbul
ediləcək qərarlara dair fikir söyləmək;
4.5.4. Şuranın
səlahiyyətlərinə aid məsələlərə Şuranın iclaslarında baxılması barədə təkliflər
vermək;
4.5.5. Şuranın
qərarları, iclaslarının protokolları və digər sənədləri ilə tanış olmaq.
4.6. Şura üzvləri:
4.6.1. Şuranın
iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı;
4.6.2. Şuranın
iclaslarını üzrsüz səbəbdən buraxmamalı;
4.6.3. Şura üzvünün
adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidir.
4.7. Şuranın hər
bir üzvü Şuranın iclasında baxılan məsələlər üzrə şəxsi maraqlarına toxunan,
habelə onun qərəzliliyinə əsas verə bilən hallar olduqda Şuranı
məlumatlandırmalı və qərarların qəbul edilməsində iştirak etməməlidir.
4.8. Şuraya Şura
sədri rəhbərlik edir.
4.9. Şura sədri
olmadıqda, Mərkəzin cari fəaliyyətinə rəhbərlik Şura sədri tərəfindən sədr
müavinlərindən birinə həvalə edilir.
4.10. Şuranın
sədri:
4.10.1. Mərkəzin
fəaliyyətinə rəhbərlik edir və bu fəaliyyət üçün tam məsuliyyət daşıyır;
4.10.2. Mərkəzin
fəaliyyəti barədə mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə
hesabatlar və məlumatlar verir;
4.10.3. müəyyən
edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Mərkəzin
aparatının strukturunu, ştat cədvəlini və onların xərclər smetasını təsdiq
edir;
4.10.4.
səlahiyyətləri çərçivəsində Mərkəzin aparatının və tabeliyindəki qurumların
fəaliyyətinə dair icrası məcburi olan əmrlər, sərəncamlar, göstərişlər verir,
onların icrasına nəzarət edir;
4.10.5.
imtahanların keçirilməsi ilə bağlı xüsusi halların araşdırılması üçün müvəqqəti
komissiyalar yaradır, onların say və şəxsi tərkibini, iş reqlamentini müəyyən
edir;
4.10.6. Mərkəzi dövlət
orqanları və təşkilatları, digər yerli və beynəlxalq qurumlarla münasibətlərdə
təmsil edir;
4.10.7. Mərkəzin
maddi vəsaitlərinin uçotunu təşkil edir, onlardan istifadəyə nəzarət edir,
maliyyə və vergi hesabatlarını imzalayır, öz səlahiyyəti çərçivəsində Mərkəzin
əmlakına və maliyyə vəsaitlərinə dair sərəncam verir;
4.10.8. Mərkəzin
adından əqdlər bağlayır, etibarnamələr verir, banklarda və digər kredit
təsisatlarında hesablar açır;
4.10.9. Mərkəz
aparatının işçilərini və tabeliyində olan qurumların rəhbərlərini vəzifəyə
təyin edir və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və
intizam-tənbeh tədbirlərini görür;
4.10.10. Şuranın
qərarlarını təsdiq edir;
4.10.11. Mərkəzin
işçiləri ilə əmək müqavilələri və digər müqavilələr bağlayır, işçilərin
əməyinin ödənilməsini və onların peşəkarlıq səviyyəsinin artırılmasını təşkil
edir;
4.10.12. Şuranın
iclaslarının gündəliyini müəyyənləşdirir, iclasları çağırır və onlara sədrlik
edir;
4.10.13. Mərkəzin
kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;
4.10.14. dövlət
sirrinin və məxfilik rejiminin qorunması və təhlükəsizliyin təmin olunması üçün
zəruri tədbirlər görür;
4.10.15. Şuranın
qəbul etdiyi qərarların icrası ilə əlaqədar müvafiq tədbirlər görür;
4.10.16. Şuranın
iclaslarında qəbul olunmuş qərarlar haqqında ictimaiyyəti məlumatlandırır;
4.10.17. Mərkəzin
illik fəaliyyətini əks etdirən materialların mətbuatda dərc olunmasını təmin
edir;
4.10.18. Mərkəzin
maliyyə fonduna və onun fəaliyyətinin bütün istiqamətlərinə nəzarət edir;
4.10.19. Mərkəzdə vətəndaşların
qəbulunu və müraciətlərinə baxılmasını təmin edir.
4.11. Şura üzvünün
səlahiyyətlərinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilə bilər:
4.11.1. öz arzusu
ilə Şura üzvlüyündən çıxmaq barədə yazılı ərizə verdikdə;
4.11.2. Şura
üzvünün bu Nizamnamədə nəzərdə tutulmuş tələblərə uyğunsuzluğu aşkar edildikdə;
4.11.3. səhhətinə
görə vəzifələrini altı aydan artıq müddətdə yerinə yetirə bilmədikdə;
4.11.4. ardıcıl
olaraq dörd dəfə üzrsüz səbəbdən Şuranın iclaslarında iştirak etmədikdə;
4.11.5. fəaliyyət
qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən müəyyən
edildikdə;
4.11.6. barəsində
cinayət işinə bəraətverici əsaslar olmadan xitam verildikdə, habelə məhkəmənin
qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin
tətbiqinə dair məhkəmə qərarı olduqda;
4.11.7. Şura
üzvünün adına xələl gətirən hərəkətlərə yol verdikdə.
4.12.
Səlahiyyətlərinə xitam verilmiş Şura üzvünün yerinə yeni üzv bu Nizamnamədə
nəzərdə tutulmuş qaydada təyin edilir.
5.
Mərkəzin nizamnamə kapitalı və əmlakı
5.1. Mərkəzin
nizamnamə kapitalı bu Nizamnaməyə uyğun olaraq, təsisçinin qərarı ilə Mərkəzin
mülkiyyətinə verilmiş və qanunla müəyyən edilmiş qaydada qiymətləndirilmiş
aktivlərin balans dəyərindən təşkil olunur.
5.2. Mərkəzin
əmlakı əsas fondlardan, dövriyyə vəsaitlərindən və digər maddi və qeyri-maddi
aktivlərdən ibarətdir. Mərkəzin əmlakı onun müstəqil balansında əks olunur.
5.3. Mərkəzin
əmlakının dəyəri onun balansında göstərilir.
5.4. Mərkəzin nizamnamə kapitalı 1 (bir) milyon
manatdır.
5.5. Mərkəzin əmlakı aşağıda göstərilən mənbələr
hesabına təşkil olunur:
5.5.1. nizamnamə kapitalına daxil olan əmlak;
5.5.2. fəaliyyətinin həyata keçirilməsindən daxil olan
gəlirlər;
5.5.3. bu Nizamnaməyə uyğun digər mənbələr.
5.6. Mərkəzin nizamnamə kapitalının artırılması və ya
azaldılması Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş
qaydada həyata keçirilir.
5.7. Mərkəzin nizamnamə kapitalına qoyulan maya
puldan, qiymətli kağızlardan, başqa əmlakdan, əmlak hüquqlarından və maddi
dəyəri olan digər hüquqlardan ibarət ola bilər.
5.8. Mərkəz qanunlarda nəzərdə tutulmuş vergiləri və
digər məcburi ödənişləri ödədikdən sonra özünün, törəmə cəmiyyətlərinin, habelə
idarə, filial və nümayəndəliklərinin fəaliyyətindən əldə edilmiş mənfəəti
mərkəzləşdirilmiş fondlarda cəmləşdirmək və həmin vəsaitlər üzərində müstəqil
sərəncam vermək hüququna malikdir.
6.
Mərkəzin maliyyə-təsərrüfat fəaliyyəti
6.1. Mərkəzin
əmlakı nizamnamə fondundan, ona təsisçilər tərəfindən verilmiş digər əmlakdan,
habelə dövlət vəsaitlərindən, fəaliyyət istiqamətlərinə uyğun olaraq gördüyü
işlərdən, göstərdiyi xidmətlərdən əldə etdiyi daxilolmalardan, dövlət, hüquqi
və fiziki şəxslər tərəfindən onun mülkiyyətinə və ya istifadəsinə verilən və bu
Nizamnamədə öz əksini tapan fəaliyyəti nəticəsində əldə etdiyi əmlakdan
ibarətdir.
6.2. Mərkəzi
mülkiyyətində və istifadəsində olan əmlakın saxlanılması, qorunması və ondan
səmərəli istifadə edilməsi üçün məsuliyyət daşıyır.
6.3. Mərkəzin
maddi-texniki bazasının möhkəmləndirilməsi və genişləndirilməsi dövlət vəsaiti
və fəaliyyəti nəticəsində əldə etdiyi vəsait hesabına həyata keçirilir.
6.4. Mərkəz bu
Nizamnaməyə əsasən göstərdiyi xidmətlər (imtahanların təşkili, keçirilməsi və
fəaliyyət istiqamətlərinə uyğun digər xidmətlər) nəticəsində daşınar və
daşınmaz əmlak, o cümlədən bina, avadanlıq, yeni texnologiya, nəqliyyat
vasitələri əldə edə bilər.
6.5. Mərkəzin bu
Nizamnaməyə uyğun olaraq əldə etdiyi vəsait və digər əmlak Mərkəzə dövlət
büdcəsindən ayrılan vəsaitin məbləğinə təsir göstərmir və ondan Nizamnaməyə
uyğun olaraq sərbəst istifadə edilir.
6.6. Mərkəz
aşağıdakı mənbələrdən maliyyələşdirilir:
6.6.1. dövlət
vəsaitləri hesabına;
6.6.2. imtahanların
təşkili və keçirilməsindən əldə olunan vəsaitlər hesabına;
6.6.3. “Qrant
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Mərkəzə verilən
qrantlar, vəsiyyət olunan vəsaitlər, ianələr və yardımlar hesabına;
6.6.4. dövlət
orqanları, hüquqi və fiziki şəxslər ilə bağlanmış müqavilə əsasında əldə
edilmiş vəsaitlər hesabına;
6.6.5. Mərkəzin
mülkiyyətindəki fiziki və mənəvi cəhətdən köhnəlmiş avadanlığın, nəqliyyat
vasitələrinin və yararsız halda olan digər əmlakın satışından əldə edilən
vəsaitlər hesabına;
6.6.6. bu
Nizamnaməyə uyğun olaraq digər xidmətlərdən əldə etdiyi vəsaitlər hesabına.
6.7. Mərkəzin
əmlakı bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün istifadə edilə bilməz.
6.8. Mərkəz,
sərəncamında olan vəsaitdən bu Nizamnaməyə uyğun olaraq, Mərkəzin xərclər
smetası əsasında istifadə edir.
6.9. Maliyyə ilinin
sonuna Mərkəzin hesabında qalan vəsait növbəti ilin xərclərinin
maliyyələşdirilməsinə yönəldilir.
6.10. Mərkəz
bilavasitə mənfəət əldə etmək məqsədi güdmür.
6.11. Mərkəz öz
fəaliyyətinin nəticələrinin uçotunu aparır.
7.
Uçot
7.1. Mərkəz “Rəsmi
statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik
hesabatları təqdim edir.
7.2. Mərkəz
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq
mühasibat uçotunu aparır, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu
il 27 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Kommersiya
təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə
edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”na
uyğun olaraq, maliyyə hesabatlarını təqdim və dərc edir.
7.3. Mərkəz xalis
aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi
əhəmiyyətli əqdin) bağlanması barədə məlumatı öz mətbu orqanında dərc etdirməyə
və Mərkəzin internet səhifəsində yerləşdirməyə borcludur.
7.4. Mərkəz törəmə
cəmiyyətlərinin, idarə, filial və nümayəndəliklərinin maliyyə-təsərrüfat
fəaliyyətinin yoxlanılmasını təmin edir.
8. Audit
8.1. Mərkəz daxili audit xidmətini təsis edir. Daxili
audit xidməti “Daxili audit haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş vəzifələri yerinə yetirir.
8.2. Mərkəzin maliyyə-təsərrüfat fəaliyyətinin
müstəqil (kənar) auditi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və
“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq
həyata keçirilir.
9. Mərkəzin yenidən təşkili və ləğvi
9.1. Mərkəz Azərbaycan Respublikasının Prezidenti
tərəfindən yenidən təşkil və ya ləğv edilir.
9.2. Mərkəz ləğv
edildikdə, onun əmlakına Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun
olaraq sərəncam verilir.
0 yorum:
Yorum Gönder