II və III qrupların nəticələri açıqlandı - 4 nəfər 700 bal yığıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 23-də ali təhsil müəssisələrinə cari ilin məzunları üçün II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini açıqlayıb. 

TQDK-dan bildiriblər ki, imtahanda iştirak etmiş abituriyentlər bu qurumun internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartlarının qrafik təsviri ilə tanış ola bilərlər.

Abituriyentlər imtahan nəticələrini, həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Nəticələrə əsasən, imtahanda iştirak etmək üçün sənəd vermiş 29.197 abituriyentdən 955 nəfəri imtahana gəlməyib.

İmtahanda iştirak edən 28.242 abituriyentdən 22 nəfəri qaydaları pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib.

İmtahanda II ixtisas qrupu üzrə iki abituriyent (Bakı şəhəri, İ.Hacıyev adına “Tərəqqi” liseyi və BDU-nun nəzdindəki Bakı Türk liseyinin məzunları), III ixtisas qrupu üzrə də iki abituriyent (Kürdəmir rayonu, 2 saylı şəhər orta məktəbi və Bakı şəhəri, 220 saylı məktəb-liseyin məzunları) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.

İxtisas seçimi (həm əvvəlki illərin, həm də cari ilin məzunlarının) bütün ixtisas qrupları üzrə iyulun 29-dan avqustun 10-dək aparılacaq.

0 yorum:

Yorum Gönder