Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 1992-2012-ci illərdə testologiya sahəsindəki fəaliyyətinə həsr edilmiş, bütün imtahan fənləri üzrə 11 adda vəsait nəşr edib.
Bu vəsait müəllimlər, test tərtibçiləri, ekspertlər, şagirdlər, abituriyentlər, ümumi təhsil müəssisələri üçün nəzərdə tutulub.
Vəsaitlər tədris proqramlarının təkmilləşdirilməsi və tədrisin keyfiyyətinin yüksəldilməsi işində təhsil işçilərinə yardımçı olacaq. Müəllimlər vəsait vasitəsilə test tapşırıqlarının ölçmə və qiymətləndirmə meyarları ilə tanış olduqdan sonra tədris prosesində qabaqcıl təlim üsullarına (interaktiv, konstruktiv və s.), xüsusilə də nəzəri biliklərin tətbiqinə əsaslanan test tapşırıqlarına daha geniş yer verə biləcəklər.
TQDK-nın apardığı elmi-metodiki təhlillər valideynlərin maraqları ilə üst-üstə düşdüyündən vəsait onlar üçün də əhəmiyyətli olacaq. Əksər ailələrdə bir neçə uşağın təhsil aldığını nəzərə alsaq, valideynlər bu kitablardan istifadə etməklə öz övladlarının təhsilinə, dərslərə hazırlığına nəzarət etmək imkanına malik olacaqlar.
Vəsait test tərtibçilərinə abituriyentlərin real bilik və bacarıqlarına uyğun test tapşırıqları hazırlamaqda və test tapşırıqlarının tərtibinə elmi, metodiki cəhətdən daha peşəkarlıqla yanaşmaqda kömək edəcək.
Ekspertlər vəsaitdə verilən təhlil və şərhlər vasitəsilə TQDK-nın fənlər üzrə test topluları və digər vəsaitlərindəki test tapşırıqlarının inkişaf dinamikasını izləyə biləcəklər.
Vəsaitdəki məlumatlar bir çox cəhətdən qəbul imtahanlarına hazırlaşan yuxarı sinif şagirdləri üçün faydalı olacaq. Onlar bu vəsaitlə tanış olaraq, müxtəlif məzmunlu test nümunələrinin ötən illərin abituriyentləri tərəfindən necə cavablandırıldığını, hansı mövzuların sadə, hansı mövzuların mürəkkəb olduğunu analiz edəcək, zəif cavablandırılan və ya cavab verməkdən imtina edilən test tapşırıqları ilə bağlı mövzuları daha dərindən öyrənməyə çalışacaqlar.
0 yorum:
Yorum Gönder